Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) BMT-dəki nümayəndəsi Camal Müşərrəh Cenevrədə rəsmi olaraq İranın 26 günlük ballistik raket və dron hücumlarının mülki obyektləri və qlobal təchizat zəncirini hədəf aldığını açıqlayıb.
Hafta.az yazır ki, Müşərrəh İnsan Hüquqları Şurası tərəfindən çağırılan təcili iclasda İranın təcavüzünün miqyasını beynəlxalq ictimaiyyətə təqdim edib. O, Tehran rejiminin sistematik və ehtiyatsız davranışının regional sərhədləri aşdığını və qlobal təhlükəsizliyi təhdid etdiyini bildirib.
İranın BƏƏ ərazisinə qarşı 26 günlük hücumlarında iki mindən çox ballistik raket və drondan istifadə edilib. Bu hücumlar nəticəsində BƏƏ Silahlı Qüvvələrinin iki üzvü həyatını itirib, altı mülki şəxs həlak olub və 29 fərqli millətdən olan 161 nəfər yaralanıb.
Hücumlar təkcə hərbi hədəfləri deyil, həm də mülki hava və dəniz limanlarını, neft və turizm obyektlərini hədəf alıb. Müşərrəh yaşayış məntəqələrini hədəf alan bu hərəkətlərin beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması olduğunu vurğulayıb.
Camal Müşərrəh İranın hücumlarının Hörmüz boğazı da daxil olmaqla, vacib su yollarında naviqasiyanı təhlükə altına aldığını vurğulayıb. Enerji bazarlarının və qlobal təchizat zəncirlərinin sabitliyini zəiflədən bu hərəkətlər dünya miqyasında iqtisadi təzyiqi artırır.
Tehranın hücumları "qisas" kimi əsaslandırmaq cəhdini rədd edən BƏƏ nümayəndəsi birmənalı şəkildə Əmirliklər ərazisinin İrana qarşı heç bir hərbi əməliyyat üçün istifadəsinə icazə verilmədiyini təkrarlayıb, Tehranın ritorikası ilə yerindəki hərəkətləri arasındakı ziddiyyət vurğulanıb.
136 ölkənin iştirakı ilə BMT Təhlükəsizlik Şurası İranın BƏƏ, Körfəz Əməkdaşlıq Şurası ölkələrinə və İordaniyaya hücumlarını pisləyən 2817 saylı Qətnaməni təsdiqləyib. Qətnamə beynəlxalq birliyin dövlətlərin suverenliyinə edilən hücumlara qarşı güzəştə getməyəcəyi mesajını çatdırır.
Beynəlxalq Dəniz Təşkilatı daxilində 115-dən çox üzv dövlətin dəstəyi ilə hazırlanmış qətnamə layihəsi də qəbul edilib. Bu qətnamə İranın gəmilərə qarşı təhdidlərini və Hörmüz boğazını bağlamaq cəhdlərini qətiyyətlə pisləyir.
Müşarrəh bildirib ki, BƏƏ BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır. Qeyd olunub ki, hücumlar dövlət qurumlarının möhkəmliyini və sosial birliyi sarsıda bilməyib.